Aişə Sultan (I Əhmədin qızı)
Aişə Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1605 |
Doğum yeri | |
Vəfat tarixi | 1660 |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Əhməd |
Anası | Kösəm sultan |
Həyat yoldaşları |
|
Uşağı | Sultanzadə Mustafa bəy |
Ailəsi | Osmanlı xanədanı |
Aişə Sultan (1605, İstanbul – 1660, İstanbul) — 14-cü Osmanlı sultanı I Əhmədin qızı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sultan Əhməd dövrü
[redaktə | mənbəni redaktə et]Aişə Sultan 1605-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası isə Mahpeykər Kösəm Sultandır. Osmanlı tarixində ilk dəfə atası Sultan Əhmədin səltənətində başlanılan və uşaq yaşdakı xanım sultanların dövlət xadimləriylə evləndirilməsinə əsaslanan saray ənənəsinə uyğun olaraq, bacısı Gövhər Sultan kimi, Aişə Sultan da hələ azyaşlı bir uşaq ikən evləndirildi.
İlk nigahı 7 yaşında ikən - 1612-ci ilin fevralında şeyxülislam Xocazadə Mehmed Əfəndi tərəfindən sədrəzəm Nasuh Paşayla bağlandı. Bu şənliklər əsnasında bacısı Gövhər Sultan da kaptan-ı dərya Mehmed Paşayla nigahlandı. Atası Sultan Əhmədin istəyilə baş tutan bu evliliklər tamamilə siyasi xarakter daşımaqda idi. Belə ki, o əsnada sədrəzəm şərq cəbhəsində Səfəvi şahı Şah Abbasla sülh müzakirələrini davam etdirməkdə idi. Səfəvilərlə bağlanan İstanbul sülhünün ardından 1612-ci ilin dekabrında cütlüyün toy mərasimi keçirildi və mərasimin ardından azyaşlı sultan Nasuh Paşanın Atmeydanındakı sarayına (İbrahim Paşa sarayı) göndərildi. Ancaq yaşı səbəbilə, zifaf gecəsi olmadı və saray ənənələrinə görə, Aişə Sultanın həddi-buluğa çatması gözlənildi. Buna baxmayaraq Nasuh Paşanın sədarəti üç il davam etdi. Haqqında yayılan rüşvət iddiaları və şeyxülislam, Darüssəadə ağası kimi mühüm dövlət xadimləri ilə münasibətlərinin pisləşməsi nəticəsində 18 oktyabr 1614-cü ildə haqqında verilən ölüm hökmüylə edam edildi. Əmri yerinə yetirmək üçün göndərilən bostançıbaşı Hüseyn ağanın sədrəzəmi uşaq yaşlarındakı xanımı Aişə Sultanın gözləri önündə edam etdiyi rəvayət olunur. Qətlinin ardından bütün mal-mülkü müsadirə edilən Nasuh Paşanın sərvətinin mühüm bir qismi Aişə Sultana verildi.
Sultan Murad dövrü
[redaktə | mənbəni redaktə et]1617-ci ildə atası Sultan Əhmədin vəfatının ardından, anası Mahpeykər Kösəm Sultan və bacıları Fatma, Abidə, Atikə və Xanzadəylə birlikdə Köhnə saraya göndərildilər. Əmisi Sultan Mustafa və ögey qardaşı Sultan Osmanın qısa səltənətləri boyunca burada bacılarıyla birlikdə yaşayan Aişə Sultan doğma qardaşı Sultan Muradın 10 sentyabr 1623-cü ildə taxta çıxmasıyla yenidən Topqapı sarayında yaşamağa başladı. 1626-cı ildə qardaşı Sultan Muradın istəyilə, yenicə sədarətdən alınan Hafiz Əhməd Paşayla evləndirildi. Sədarətdən yenicə alınmasına və Bağdad səfərindəki hərbi uğursuzluqlarına baxmayaraq Hafiz Əhməd Paşa həm Sultan Muradın, həm də taxt naibəsi olan Validə Mahpeykər Kösəm Sultanın ən sevimli paşası idi. Bu səbəblə, 25 oktyabr 1631-ci ildə ikinci dəfə sədrəzəm təyin olundu. Ancaq ordu daxilində yeniçəri-sipahi sürtüşmələri, paytaxtda başlayan iğtişaşlar və Topal Rəcəb Paşa başda olmaqla, digər siyasi rəqiblərinin apardığı təxribatlar nəticəsində bu sədarət dönəmi qısa sürdü. 10 fevral 1632-ci ildə saraya hücum edən sipahilərin sədrəzəmin edamını tələb etməsinin ardından, Hafiz Əhməd Paşa üsyançılara təslim olmuş və saray qapıları önündə həlak edilmişdir. Beləcə, ikinci dəfə dul qalan Aişə Sultanın bu nigahdan 2 oğlu dünyaya gəldiyi bilinir.
Ancaq siyasi çalxantıların davam etdiyi bu dövr yalnızca Osmanlı sultanlarının deyil, eyni zamanda onların ailə üzvlərinin də həyatına təsir göstərirdi. Bu səbəblə Aişə Sultan hadisədən bir il sonra - 1633-cü ilin fevralında dördüncü dəfə nigahlandı. Bu dəfəki namizəd isə Diyarbəkir bəylərbəyi Murtuza Paşa oldu. Olduqca əsəbi, xəstə və bəzi mənbələrdə əlil olaraq qeyd edilən Murtuza Paşa ilə planlaşdırılan bu evlilik tamamilə siyasi məqsədlər daşımaqda idi. Belə ki, nigahın bağlanmasına baxmayaraq Murtuza Paşaya uzun müddət paytaxta gəlməyə icazə verilməmiş, cütlüyün toy mərasimi yalnız 1 il sonra - 1634-cü ilin martında paşanın İstanbula çağırılmasıyla baş tutmuşdur. Ancaq mərasimin ardından 28 martda Sultan Murad Səfəvilərin idarəsindəki İrəvan qalası üzərinə səfərə çıxdı və orduyla birlikdə paytaxtdan ayrılan Murtuza Paşa qalanın mühasirəsi əsnasında ağır yaralanaraq şəhid düşdü. Bəzi mənbələrdə, Murtuza Paşanın ölümündə siyasi rəqibi və Aişə Sultanın növbəti həyat yoldaşı olan Cələb Əhməd Paşanın əlinin olduğu qeyd olunur.
Sultan İbrahim dövrü
[redaktə | mənbəni redaktə et]Aişə Sultan 1639-cu ildə yenə qardaşı Sultan Muradın istəyilə, Hələb bəylərbəyi Cələb Əhməd Paşa ilə nigahlandı. Çox keçmədən qardaşı Sultan Murad vəfat etdi və yerinə digər qardaşı Sultan İbrahim taxta çıxarıldı. Cələb Əhməd Paşa isə Şam bəylərbəyi təyin edilərək yenidən paytaxtdan uzaqlaşdırıldı. 1642-ci ildə Şamda rüşvət toplamasıyla bağlı yayılan şayələrin ardından Cələb Əhməd Paşa paytaxta çağırılaraq bir müddət həbs edildi, ardından azadlığa buraxılsa da, heç bir dövlət vəzifəsinə təyin olunmadı və 1644-cü ilin noyabrında İstanbulda vəfat etdi.
Bu dəfə qardaşı Sultan İbrahimin istəyilə 1645-ci ilin martında Voynuq Əhməd Paşa ilə nigahlanan Aişə Sultan, bacıları Fatma, Gövhər və qardaşı qızı Qaya Sultanla birlikdə qardaşının nigahlandığı xanımlarından Hümaşah Sultanın təhriki nəticəsində saraydan sürgün olundu. Bütün gəlirləri və mülkləri əllərindən alınan sultanlar Ədirnə sarayına göndərildilər.
Sultan Mehmed dövrü
[redaktə | mənbəni redaktə et]Qardaşı Sultan İbrahimin taxtdan endirildiyi 1648-ci ilədək davam edən bu sürgün illərinin ardından qardaşının 6 yaşlı oğlu IV Mehmed sultan, anası Mahpeykər Kösəm Sultan isə "Valide-yi kəbir" ünvanıyla yenidən taxt naibəsi təyin edildi. Digər yandan həyat yoldaşı Voynuq Əhməd Paşa kaptan-ı dəryalığa yüksəldi. Ancaq ertəsi il Əhməd Paşa Krit adasındakı Suda qalasının mühasirəsi əsnasında top atəşiylə həlak oldu və Aişə Sultan beşinci dəfə dul qaldı.
Anası Validə Mahpeykər Kösəm Sultanla, Sultan Mehmedin anası Validə Turxan Sultan arasında gedən siyasi rəqabətdə anasını dəstəklədi. Ancaq bu mübarizə 2 sentyabr 1652-ci ildə baş tutan saray çevrilişi əsnasında anasının edam edilərək öldürülməsiylə nəticələndi. Bu hadisənin ardından Atmeydanındakı sarayında yaşayan Aişə Sultanın sonuncu nigahı 1654-cü ildə üsyançı İbşir Mustafa Paşa ilə baş tutdu. Paytaxta çağırılan İbşir Mustafa Paşanı bağışlanacağına inandırmaq məqsədilə planlaşdırılan bu evlilik paşanın 28 fevral 1655-ci ildə İstanbula gəlməsiylə tamamlandı. Ancaq cəmi 3 ay sonra - 11 may 1655-ci ildə İbşir Mustafa Paşa edam olundu. Ertəsi il - 1656-cı ildə İstanbulda vəfat edən Aişə Sultanın cənazəsi atasının Sultan Əhməd türbəsinə dəfn olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Freely, John (1999). Inside the Seraglio: Private Lives of the Sultans in Istanbul. Viking. ISBN 978-0140270563
- Singh, Nagendra Kr (2000). International encyclopaedia of Islamic dynasties (reproduction of the article by M. Cavid Baysun "Kösem Walide or Kösem Sultan" in The Encyclopaedia of Islam vol V). Anmol Publications PVT. pp. 423–424. ISBN 81-261-0403-1
- Evliya Celebi. The Intimate Life of an Ottoman Statesman Albany: State University of New York, 1991. P.134
- Halman, Talât Sait; Warner, Jayne L. (2008). I, Anatolia and Other Plays. Syracuse University Press. p. 205,233–234. ISBN 9786059306409
- Peirce, Leslie P. (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. ISBN 978-0-195-08677-5
- Uluçay, Mustafa Çağatay (1985). Padışahların kadınları ve kızları. Türk Tarihi Kurumu Yayınları. p. 220