Naimə Sultan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Naimə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 3 sentyabr 1876(1876-09-03)
Doğum yeri
Vəfat tarixi 1945
Vəfat yeri
Atası II Əbdülhəmid
Həyat yoldaşları Mehmed Kəmaləddin Paşa
İşkodralı Cəlaləddin Paşa
Uşaqları Sultanzadə Mehmed Cahid bəy
Adilə xanım Sultan
Ailəsi Osmanlı xanədanı

Fatma Naimə Sultan (3 sentyabr 1876, İstanbul1945, Tirana) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.

Naimə Sultan 3 sentyabr 1876-cı ildə - atasının taxta çıxmasından 4 gün sonra Dolmabağça sarayında dünyaya gəldi. Bu səbəblə atası Sultan Əbdülhəmid onu Cülus qızım olaraq adlandırmışdı. Anası isə Sultan Əbdülhəmidin abxaz əsilli dördüncü xanımı Bidar Qadınəfəndidir. Bir il sonra 1877-ci ildə Sultan Əbdülhəmidin digər ailə üzvləriylə birlikdə Yıldız sarayına köçürülən Naimə Sultan mükəmməl saray təhsiliylə yanaşı bacısı Ayşə Sultanla birlikdə piano dərsləri də aldı. Hələ uşaqlıq illərində Misir xədivi Tofiq Paşa oğlu Abbas Hilmi bəyi onunla evləndirmək istəsə də, atası Sultan Əbdülhəmid siyasi səbəblərlə bu təklifi qəbul etmədi.

1898-ci ildə atasının istəyilə Qazi Osman Paşanın kiçik oğlu, eləcə də bacısı Zəkiyə Sultanın qaynı olan Kəmaləddin Paşayla nişanlandı. Cütlüyün toy mərasimi 17 mart 1898-ci ildə Yıldız sarayında baş tutdu. Toy hədiyyəsi olaraq gəlininə dəyərli daşlarla bəzəli tac göndərən Qazi Osman Paşanın xanımı Zatigül xanım Məcidiyə nişanıyla təltif edildi. Bu isə Osmanlı tarixində bir ilk idi. Saray ənənələrinə zidd olaraq, Naimə Sultan toy mərasimində ilk dəfə olaraq ağ gəlinlik geyindi. Yeni evli cütlüyə bacısı Zəkiyə Sultanın yaşadığı Tarlabaşı sarayının qarşısında yeni bir saray təsis edildi. Bu səbəblə 2 bacının qarşı-qarşıya baxan sarayları Əkiz köşklər adlanmağa başlandı. Bu evliliyindən 2 övladı dünyaya gələn Naimə Sultan hər iki övladını da Osmanlı sülaləsindən şəxslərlə evləndirdi. Belə ki, oğlu Mehmed Cahid bəyi 1920-ci ildə əmisi Sultan Rəşadın nəvəsi Dürriyə Sultanla, qızı Adilə xanım Sultanı isə 1922-ci ildə Sultan Əbdüləzizin nəvəsi Şövkət Əfəndiylə evləndirdi.

Sürgün illəri, 1931

Naimə Sultan eşqbazlığı səbəbilə ərini tez-tez atasına şikayət edirdi. Bu eşq macərlarından biri də əmisi Sultan Muradın qonşu sarayda yaşayan qızı Xədicə Sultanla oldu. 1904-cü ildə Kəmaləddin Paşayla Xədicə Sultan arasındakı məhəbbəti aşkarlayan məktublar atası Sultan Əbdülhəmidə göndərildi və ifşa olundu. Bir çoxlarına görə, bu, Xədicə Sultanın intiqamı idi. Skandalın aşkara çıxmasının ardından Naimə Sultan dərhal ərindən boşandı və Kəmaləddin Paşa bütün rütbə və vəzifələrindən alınaraq Bursaya sürgün edildi.

Ərindən ayrıldıqdan sonra 11 iyul 1907-ci ildə İşkodralı Rza Paşanın oğlu Mahmud Cəlaləddin Paşayla (d. 1874 - ö. 1940) nigahlandı. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Naimə Sultan da əri və oğluyla birlikdə sürgünə göndərildi. Fransanın Nitsa şəhərində məskunlaşan ailə ilk illərdə əllərindəki bütün pulu israfla xərclədilər. Bu səbəblə əslən alban əsilzadəsi olan ərinin Albaniyadakı mülklərindən istifadə edə bilmək adına 1938-ci ildə Tiranaya köçdülər. Ancaq çox keçmədən başlayan İkinci Dünya müharibəsinin ardından bütün mal-mülkləri hökumət tərəfindən əllərindən alındı. Bu səbəblə Nitsadakı digər qohumlarının yanına dönməyə məcbur qaldılar.

Ancaq bu illər ərzində əri Cəlaləddin Paşa vərəm xəstəliyinə tutulmuşdu və vəziyyəti ağırlaşmışdı. Bu səbəblə otellərdə qabyuyan işləyən Naimə Sultan qazandığı məvaciblə ərinə baxmağa məcbur oldu. Çox keçmədən Cəlaləddin Paşa 13 iyul 1940-cı ildə vəfat etdi və Naimə Sultan mərhum ərinin mallarını geri alma ümidiylə yenidən Tirana döndü. Ancaq öncə italyan, ardından almanların bölgəni işğal etməsinin ardından Naimə Sultan və xidmətindəki 4 xidmətçisi əsir alınaraq nasistlərin hərbi düşərgəsinə aparıldı. Cəmi 1 il sonra - 1945-ci ildə Naimə Sultan düşərgədə ağır şərtlər altında vəfat etdi və cənazəsi, xidmətçilərinin köməyilə düşərgənin yaxınlığındakı bir qəsəbədə müsəlman adətləriylə dəfn olundu.