Xədicə Sultan (III Mustafanın qızı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xədicə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 14 iyun 1768(1768-06-14)
Doğum yeri
Vəfat tarixi 17 iyul 1821(1821-07-17) (53 yaşında)
Vəfat yeri
Dəfn yeri Mihrişah Validə Sultan külliyəsi
Atası III Mustafa
Anası Adilşah Sultan
Həyat yoldaşı
Ailəsi Osmanlı xanədanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xədicə Sultan (14 iyun 1768, İstanbul17 iyul 1821, İstanbul) — 26-cı Osmanlı sultanı III Mustafanın qızı.[1]

Xədicə Sultan 14 iyun 1768-cı ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı III Mustafa, anası isə Ayşə Adilşah Sultandır. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1774-cü ilin noyabrında atası Sultan Mustafanın vəfat etməsi və əmisi Sultan Əbdülhəmidin taxta çıxmasıyla anası və özündən 2 yaş böyük bacısı Beyhan Sultanla birlikdə Köhnə saraya göndərildilər.

Antoni Mellinq tərəfindən dizayn edilən Xədicə Sultan sahilsarayı, Ortaköy

12 il boyunca burada sakit həyat yaşayan Beyhan Sultan və bacısının bu dönəmdə səhhətinin pisləşdiyi bilinir. Anası Adilşah Sultanın Sultan Əbdülhəmidə yazdığı məktubda tez-tez ürəyi getdiyi və gün keçdikcə daha da içinə qapandığı qeyd olunur. Evlilik yaşına çatmasının ardından anasının xahişiylə əmisi Sultan Əbdülhəmid qardaşı qızları üçün münasib bir bəy namizədi axtarmağa başladı. 22 aprel 1784-cü ildə böyük bacısı Beyhan Sultanın keçmiş Hələb bəylərbəyi Silahdar Mustafa Paşayla baş tutan toy mərasimi əsnasında Xədicə Sultan da vəzir Seyid Əhməd Paşayla nişanlandı. Ancaq cütlüyün toy mərasimi yalnız 3 il sonra - 1787-ci ilin oktyabrında baş tutdu.

Bu nigahdan Xədicə Sultanın övladı olmasa da, Əhməd Paşanın çox övladı vardı. Bunlardan biri isə gələcəkdə Sultan Əbdülhəmidin qızı Hibətullah Sultanla evləndirilən Ələddin Paşadır. Əmisinin vəfatı və ögey qardaşı Sultan Səlimin taxta çıxmasının ardından Əhməd Paşa paytaxtdan uzaqlaşdırıldı. Bu səbəblə Xədicə Sultan bir müddət həyat yoldaşı ilə birlikdə İzmitdə yaşadı. 1798-ci ilədək AnadoluRumelinin müxtəlif əyalətlərində xidmət göstərən Əhməd Paşa ən son xidmət yeri olan Ərzurumda 1799-cu ildə vəfat etdi və Xədicə Sultan ömrü boyunca bir daha evlənmədi.

Anası Adilşah Sultanın 1803-cü ildə vəfatından sonra onun adına bir çox xeyriyyə işləri gördü. Bunlardan ən mühümü isə bəzi mənbələrdə öz adıyla anılan və 1805-1806-cı illərdə inşa olunan indiki Adilşah Qadın məscidi (digər adı Xədicə Sultan məscidi) oldu. [2] Bundan başqa bacısı Beyhan Sultan kimi, İstanbulun fərqli yerlərində çeşmələr inşa etdirərək paytaxtdakı su problemini böyük miqyasda həll etmişdi.[2] Saksoniya, VyanaFransadan xeyli miqdarda çini satın alan Xədicə Sultanın bunlardan ibarət geniş bir kolleksiyası vardı.[3] Bundan başqa fransız rəssam və memar Antoni Mellinq 1790-cı ildən etibarən onun xidmətində çalışmağa başlamışdı. Mellinq artıq türkcə öyrənmiş ancaq Osmanlı qrafikasını bilmədiyi üçün Xədicə Sultanla latın qrafikası ilə yazışırdı. Beləliklə, əlifba dəyişikliklərindən 125 il əvvəl türkcə latın qrafikası istifadə edilmişdir. Bu məktublar Fransada şəxsi kolleksiyada qorunmaqdadır.[4]

Təmir və yenidənqurma işləri 3 il davam edən Neşədabad qəsri sonralar onun adıyla anılmağa başlandı. Ancaq onun bu sarayın təmiri və daxili dizaynı üçün xərclədiyi məbləğlər paytaxt əhalisinin dilinə düşmüşdü. Bu səbəblə aldığı külli miqdarda borc isə ölümündən sonra Sultan Mahmud tərəfindən ödənilmişdi. Dəbdəbəli saray həyatı yaşayan Xədicə Sultan 17 iyul 1821-ci ildə vəfat etdi və cənazəsi Əyyubsultandakı Mihrişah Sultan türbəsinə dəfn olundu. Ölümünün ardından Ortaköy sahilində yerləşən ona aid sahilsarayı Sultan Mahmudun qızlarından Adilə Sultana təsis olundu.[5]

  • Peirce, Leslie P. (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. ISBN 978-0-195-08677-5
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  1. Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları (5 bas.). Ankara: Ötüken. ISBN 9789754378405.
  2. 1 2 Faroqhi, Suraiya (29 Kasım 2005). Sultanın Konuları: Kültür ve Günlük Yaşam Osmanlı İmparatorluğu'nda. IBTauris. ss. 232. ISBN 978-1-850-43760-4
  3. Artan, Tülay (2011). Eighteenth century Ottoman princesses as collectors: Chinese and European porcelains in the Topkapı Palace Museum
  4. Panzac, Daniel (1995). Histoire économique et sociale de l'Empire ottoman et de la Turquie (1326-1960): actes du sixième congrès international tenu à Aix-en-Provence du 1er au 4 juillet 1992. Peeters Publishers. ss. 574 n. 5. ISBN 978-9-068-31799-2
  5. Kolay, Arif (2017). Hayırsever, Dindar, Nazik ve Şâire Bir Padişah Kızı: Âdile Sultan