Beyhan Sultan (III Mustafanın qızı)
Beyhan Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 yanvar 1766 |
Doğum yeri | |
Vəfat tarixi | 7 noyabr 1824 (58 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Mihrişah Validə Sultan külliyəsi |
Atası | III Mustafa |
Anası | Adilşah Sultan |
Həyat yoldaşı | |
Uşağı | Xədicə xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Beyhan Sultan (13 yanvar 1766, İstanbul – 7 noyabr 1824, İstanbul) — 26-cı Osmanlı sultanı III Mustafanın qızı.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Beyhan Sultan 13 yanvar 1766-cı ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Osmanlı sultanı III Mustafa, anası isə Ayşə Adilşah Sultandır. Uşaqlıq illəri ilə bağlı yetərli məlumat yoxdur. Ancaq 1774-cü ilin noyabrında atası Sultan Mustafanın vəfat etməsi və əmisi Sultan Əbdülhəmidin taxta çıxmasıyla anası və özündən 2 yaş kiçik bacısı Xədicə Sultanla birlikdə Köhnə saraya göndərildilər.
10 il boyunca burada sakit həyat yaşayan Beyhan Sultan və bacısının bu dönəmdə səhhətinin pisləşdiyi bilinir. Anası Adilşah Sultanın Sultan Əbdülhəmidə yazdığı məktubda tez-tez ürəyi getdiyi və gün keçdikcə daha da içinə qapandığı qeyd olunur. Evlilik yaşına çatmasının ardından anasının xahişiylə əmisi Sultan Əbdülhəmid tərəfindən evləndirildi. Bəy namizədi olaraq seçilən keçmiş Hələb bəylərbəyi Silahdar Mustafa Paşa məktub göndərilərək İstanbula çağırıldı. 22 aprel 1784-cü ildə baş tutan toy mərasiminin ardından, 5 mayda gəlin alayı və Beyhan Sultana aid cehiz möhtəşəm mərasimlə cütlüyə təsis olunan Cağaloğlu sarayına aparıldı.
Bu nigahdan Xədicə xanım Sultan adlı bir qızı dünyaya gələn Beyhan Sultan əmisinin vəfatı və ögey qardaşı Sultan Səlimin taxta çıxmasıyla sarayda daha da nüfuz qazandı. Belə ki, ayrı analardan dünyaya gəlsələr də, Sultan Səlim bacılarına çox bağlı idi. Belə ki, yeni sultan hər cümə salamlığının ardından bacısı Beyhan Sultanı və Mustafa Paşanı ziyarət edirdi. Ancaq həyat yoldaşı Mustafa Paşa 1798-ci ildə vəfat etdi və Beyhan Sultan ömrü boyunca bir daha evlənmədi.
Qardaşı Sultan Səlimin səltənətində sərvəti artan Beyhan Sultana boğazda iki saray, eyni zamanda indiki Çırağan sarayının yerində yerləşən və Lalə dövründə inşa olunan sahil köşkü təsis edilmişdi. Üstəlik ona yalnız İstanbulda deyil, bəzi əyalətlərdə də mülklər hədiyyə edilmişdi. Bu torpaqlar və mülkləri kəndxudası Numan ağa vasitəsilə idarə edən Beyhan Sultan, anası Adilşah Sultanın 1803-cü ildə vəfatından sonra onun adına bir çox xeyriyyə işləri gördü. Bunlardan ən mühümü isə bacısının sahil sarayı önündə anasının xatirəsinə inşa etdirdiyi yetimlər məktəbi oldu. Bundan başqa İstanbulun fərqli yerlərində çeşmələr inşa etdirərək paytaxtdakı su problemini böyük miqyasda həll etmişdi.[2]
Çox sevdiyi qardaşı Sultan Səlimin 1807-ci ildə taxtdan endirilərək qətlə yetirilməsinin ardından taxta çıxarılan əmisi oğlu Sultan Mahmudla yaxın münasibət saxlayan Beyhan Sultan qızı kimi himayə etdiyi Hoşyar adlı cariyəsini 1811-ci ildə Sultan Mahmudla evləndirmişdir. 7 noyabr 1824-cü ildə vəfat edən Beyhan Sultanın cənazəsi Əyyubsultandakı Mihrişah Sultan türbəsinə - bacısının yanına dəfn olundu.
Övladları
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Peirce, Leslie P. (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. ISBN 978-0-195-08677-5
- Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları (5 bas.). Ankara: Ötüken. ISBN 9789754378405.
- ↑ Faroqhi, Suraiya (29 Kasım 2005). Sultanın Konuları: Kültür ve Günlük Yaşam Osmanlı İmparatorluğu'nda. IBTauris. ss. 232. ISBN 978-1-850-43760-4