Mehriban Mihrişah Sultan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mehriban Mihrişah Sultan
Mihrişah Sultan və ilk əri Ömər Fərrux Əfəndi
Mihrişah Sultan və ilk əri Ömər Fərrux Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Beşiktaş sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri Sultan Mahmud türbəsi, İstanbul
Atası Yusif İzzəddin Əfəndi
Anası Ləman Ünlüsoy
Həyat yoldaşları Ömər Fərrux Əfəndi
Şövkət Arslanoğlu
Ailəsi Osmanlı xanədanı

Mehriban Mihrişah Sultan (1 iyun 1916, İstanbul25 yanvar 1987, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Mihrişah Sultan 1 iyun 1916-cı ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası Sultan Əbdüləzizin oğlu İzzəddin Əfəndi, anası isə onun son xanımı Ləman Ünlüsoydur. Atası onun doğumundan 4 ay öncə yaşadığı Zincirlikuyudakı köşkündə ölü olaraq tapıldı. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var. Atasının vəfatından sonra 4 ay boyunca anası, bacısı Şükriyə Sultan və qardaşı Nizaməddin Əfəndiylə birlikdə Dolmabağça sarayında qonaq edildilər və bu müddət ərzində Sultan Rəşad tərəfindən atasının mirası bölüşdürüldü.

3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Mihrişah Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. İlk öncə qardaşı Nizaməddin Əfəndiylə birlikdə Ruminiyaya getsə də, çox keçmədən qardaşının səhhəti pisləşmiş, bu səbəblə İsgəndəriyyədəki bacısı Şükriyə Sultanın yanına köçmüşdür. 1934-cü ildə Sultan Əbdülhəmidin kiçik oğlu Abid Əfəndiylə evləndirilmək istənsə də, bu evlilik heç vaxt baş tutmadı.

Mihrişah Sultan və qardaşı Nizaməddin Əfəndi

O illərdə əmisi olan son xəlifə Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndinin Mihrişah Sultana olan marağı artmışdı. Üstəlik bütün ailə Fərrux Əfəndi və xanımı Sabiha Sultan arasındakı münasibətlərin pisləşdiyini bilirdi. 1944-cü ildə xəlifə Əbdülməcidin vəfatından sonra ailə rəisliyinə kimin seçiləcəyi müzakirə edildi. Bu müzakirələrdə Mihrişah Sultan Fərrux Əfəndini dəstəkləsə də, onun xanımı Sabiha Sultanla qızları Nəslişah, XanzadəNəcla Sultanlar ataları yerinə Əhməd Nihad Əfəndini dəstəklədilər. Bu isə uzun müddətdir boşanmaq istəyən Fərrux Əfəndi üçün bir bəhanə oldu. Xanımını qızlarıyla arasını açmaqda günahlandıran Fərrux Əfəndi 5 mart 1948-ci ildə ondan boşandı və cəmi 4 ay sonra 31 iyulda Mihrişah Sultanla nigahlandı.

Qahirədə yaşayan cütlük çox keçmədən 1959-cu ildə boşandılar. Mihrişah Sultan daha sonra Şövkət Arslanoğluyla evləndi. Heç bir evliliyindən övladı olmamışdır. 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Mihrişah Sultan son illərini burada əmisi qızı Gövhəri Sultanla birlikdə keçirdi. 25 yanvar 1987-ci ildə İstanbulda vəfat etdi və cənazəsi Sultan Mahmud türbəsinə - atasının yanına dəfn olundu.